Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 108,57 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 45,6% çoxdur.
2018-ci ildə şirkətlərdən 6-sı aktivlərini artırıb, 1-i azaldıb, 1 şirkət (“BTB Kapital İnvestisiya Şirkəti” ASC) bazara yeni daxil olduğu üçün onun aktivlərinin və digər maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Eləcə də bax: İnvestisiya şirkətlərinin məcmu xalis mənfəəti 2 dəfədən çox artıb - İCMAL
Ötən il investisiya şirkətlərinin cəmi öhdəlikləri 43,9% artaraq 98,792 milyon manat olub. Şirkətlərdən 6-da öhdəliklər artıb, 1-də isə azalıb.
2018-ci ildə investisiya şirkətlərinin cəmi kapitalı 65,4% artaraq 9,778 milyon manata, nizamnamə kapitalı isə 45,3% artaraq 6,9 milyon manata çatıb. Bazar iştirakçılarından 6-sı cəmi kapitalını artırıb, 1-i (“Plato Capital and Co. İnvestisiya Şirkəti” QSC) isə kapital çatışmazlığı ilə üzləşdiyi üçün onun cəmi kapitalının dinamikasını hesablamaq mümkün olmayıb. Nizamnamə kapitalı isə 2 investisiya şirkətində (“İnvest-AZ İnvestisiya Şirkəti” və “PSG Kapital İnvestisiya Şirkəti” QSC-lər) artırılıb.