2024-cü ildə Azərbaycanın dövlət müəssisələrinin dividend ödənişi proqnozdan 3,5 % çox - 577,8 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, ötən il dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən dividend daxilolmaları 558,2 milyon. manat proqnozlaşdırılıb, bu məbləğin 150 milyon manatının "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən (ABB), 0,2 milyon manatının "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatından (BOKT), 408 milyon manatının isə dövlət qeyri-maliyyə təşkilatlarından daxil olacağı nəzərdə tutulub.
Hesabat ilində ABB proqnozla müqayisədə 19,4 milyon manat və yaxud 12,9 % çox olmaqla 169,4 milyon manat, "Aqrarkredit" 0,3 milyon manat və yaxud 2,3 dəfə çox olmaqla 0,5 milyon manat, Dövlət Neft Şirkəti (SOCAR) proqnozla eyni məbləğdə olmaqla 407,9 milyon manat dividend ödəyib.
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azər-Türk Bank” ASC-nin maliyyə hesabatlarına əsasən 2023-cü ildə Cəmiyyətin xalis mənfəətinin 15,7 milyon manat təşkil etməsinə baxmayaraq, ötən il üçün dividend ödənişi üzrə potensial nəzərə alınmayıb, dövlət büdcəsinə dividend formasında vəsait ödənilməyib.
Səhmlərində dövlətin payı olan müəssisələrdən daxil olan dividendlər üzrə proqnoz göstəriciləri artıqlaması ilə icra edilsə də, Hesablama Palatasının apardığı təhlillər bu sahədə əlavə potensialın mövcud olması qənaətini yaradıb.