2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 220 milyon manat və ya 1,6 faiz çoxdur.
Büdcənin gəlirlərinin əsas hissəsi həmişəki kimi, Vergi Xidmətinin və Neft Fondunun payına düşüb.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz artıq olub.
Dövlət Gömrük Komitəsi üzrə büdcəyə daxilolmalar 2 milyard 65 milyon manat təşkil edib ki, bu da proqnozdan 38 milyon manat və ya 1,9 faiz artıqdır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz artıq olub.
Sair daxilolmalar üzrə gəlirlər isə 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox, yəni gözləniləndən 2 dəfə çox gəlir əldə edilib.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz az icra edilib.
Vergi və gömrükdəki yüksək yığımlar nəticəsində hesabat dövründə Dövlət Neft Fondunun xərclərinə qənaət etmək imkanı yaranıb.
Belə ki, ilk 4 ayda Neft Fondundan büdcəyə 4 milyard 579,1 milyon manat köçürülüb ki, bu da proqnoza nisbətən 248 milyon manat və ya 5,1 faiz azdır.
Ümumilikdə 2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 192 milyon manat proqnoza qarşı 10 milyard 962 milyon manat, yəni 97,9 faiz icra olunub. Başqa sözlə, büdcənin xərclərinə 230 milyon manat qənaət edilib.
Nəticədə dövlət büdcəsində 3 milyard 3 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.