Bu il aprel ayının 1-ə olan vəziyyəti Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 5 milyard 75 milyon dollar təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub.
Bu dövrdə daxili dövlət borcunun səviyyəsi isə 18 milyard 1,3 milyon manat təşkil edib.
Beləliklə, 1 aprel tarixinə Azərbaycanın dövlət borcu 26 milyard 628 milyon 830 min manat təşkil edib.
Qeyd edək kİ, son 3 ay ərzində Azərbaycanın dövlət borcu kəskin azalıb. Azalma həm daxili, həm də xarici dövət borcunun məbləğində qeydə alınıb.
Belə ki, yanvarın 1-ə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon dollar olmuşdu. Başqa sözlə, ötən 3 ay ərzində borcun məbləği 95 milyon dollar azalıb.
Əsas azalma isə daxili borcda qeydə alınıb. Belə ki, ilin əvvəlində daxili dövlət borcunun məbləği 18 milyard 659,7 milyon manat təşkil edib. Başqa sözlə, ötən dövrdə daxili borc 659 milyon manat azalıb.
Ümumilikdə ilin əvvəlində 27 milyard 432 milyon manat olan ümumi dövlət borcu hazırda 26 milyard 629 milyon manat olub ki, bu da 803 milyon manat azalma deməkdir.