“Gəncə Cihazqayırma Zavodu” ASC 2020-ci ili 690 min manat xalis mənfəətlə başa vurub.
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 49,45% və yaxud təxminən 2 dəfə azdır.
Ötən il səhmdar cəmiyyətinin əsas əməliyyat gəlirləri 9,225 milyon manaat (əvvəlki ilə nisbətən 33,5% az), satışının maya dəyəri 8,43 milyon manat (30,3% az), sair əməliyyat gəlirləri 165 min manat (əvvəlki il olmayıb), sair əməliyyat xərcləri 44 min manat (2,6 dəfə çox), inzibati xərcləri 45 min manat (23,7% az), mənfəət vergisi ödəmələri isə 182 min manat (89,2% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Gəncə Cihazqayırma Zavodu”nun aktivləri 9,621 milyon manat olub ki, bu da illik müqayisədə 1,1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,8% azalaraq 2,222 milyon manata, balans kapitalı isə 1,2% azalaraq 7,4 milyon manata düşüb.
Xatırladaq ki, “Gəncə Cihazqayırma Zavodu” kommersiya qurumu kimi 2008-ci ildə yaradılıb, ölkənin aparıcı sayğac istehsalçısıdır. Onun nizamnamə kapitalı 212 min manatdır. Səhmdar cəmiyyəti "Azərsu" ASC-nin sayğac tədarükçüsüdür.(report)