Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən üztanıma texnologiyası ilə ödəniş sistemi hazırlanır.
Eləcə də bax: Bakı metrosunda "ağıllı" üzük və saatla ödəniş etmək - Mümkün Olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu mərkəzin direktor müavini İnarə Vəliyeva deyib.
Onun sözlərinə görə, bu, istifadəçiyə biometrik məlumatları bank kartına və ya hesabına bağlayıb, kamera vasitəsilə üzünü skan edərək ödəniş həyata keçirməyə imkan verəcək.
"Bu xidmət müştərilərə daha tez ödəniş etməyə, xidmət sahələrinə isə xərclərini azaltmağa imkan verəcək. Xidmətin gələn ilin ilk yarısında təqdim olunması nəzərdə tutulur", - deyə İ. Vəliyeva qeyd edib.
Mərkəzin direktor müavini əlavə edib ki, MHM tərəfindən davamlı olaraq beynəlxalq təcrübənin öyrənilərək ölkəyə gətirilməsi, rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu xidmətlərə əhalinin əlçatanlığının artırılması məqsədilə strateji layihələr, həmçinin ardıcıl işlər həyata keçirilməkdədir.
"Biometrik məlumatlar bu sahədə bizə geniş imkanlar açır və yeni texnologiyaların inkişafı "BioPOS" terminal (bioekvayrinq) funksionallığının tətbiqini əlçatan edir", - deyə İ. Vəliyeva qeyd edib.