Avqustun 9-da Auditorlar Palatasında “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair” “Dəyirmi masa” keçirilib.
FED.az xəbər verir ki, palatanın icraçı direktoru və işçi qrupunun rəhbəri Səbuhi Gülməmmədov auditor fəaliyyətində haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, müstəqil auditə ictimai etimadın və auditor peşəsinin nüfuzunun artırılması üçün aparılan işlər barədə məlumat verib.
O xatırladıb ki, Auditorlar Palatası Şurasının qərarı ilə 2022-ci il “Auditor fəaliyyəti sahəsində haqsız rəqabətə qarşı mübarizə ili” elan edilib, eyni zamanda “Auditor xidməti sahəsində haqsız rəqabətin aradan qaldırılmasına dair Tədbirlər Planı”nı təsdiq edilib.
Səbuhi Gülməmmədov qeyd etdi ki, Türkiyə təcrübəsini nəzərə almaqla, auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya şərait yaradan hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsi, xidmət bazarında haqsız rəqabətə yol verilməməsi məqsədilə auditor xidmətlərinin dəyərinin minimum tarifləri tətbiq ediləcək. Onun sözlərinə görə, artıq Palatada yaradılmış işçi qrup “Azərbaycanda göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri” barədə layihə hazırlayıb. Yeni layihəyə əsasən minimum hədlərin tətbiqi auditor təşkilatları və sərbəst auditorlar üçün məcburi xarakter daşıyır.
“Dəyirmi masa”nın davamı olaraq iştirakçılardan idarə rəisi Elnur İbrahimov, “ANR Audit” MMC-nin direktor-auditoru Namiq Abbaslı, sərbəst auditor Azər Əliyev, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, sərbəst auditor Nazim Axundov, “ABAK-Az Crowe LTD” MMC-nin direktor-auditoru Zamin Hüsüeynov, “İnvest Finance” MMC-nin direktor-auditoru Anar Bayramov, sərbəst auditor Ənvər Aslanov, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, sərbəst auditor İlham Süleyman gündəlikdə olan məsələ ilə bağlı suallarını və öz təkliflərini səsləndirdilər.
Suallar və təkliflər Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov tərəfindən əsaslı şəkildə cavablandırıldı və təkliflərin isə layihədə nəzərdə tutulan təsnifatlara uyğun olanı qəbul edildi.
auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair layihə Palata Şurasının növbəti iclasında müzakirə olunacaq.