Nazirlər Kabineti Azərbaycan Mərkəzi Bankına bank sektorunda, o cümlədən şübhəli kreditlərə nəzarətin artırılması barədə tapşırıq verib.
Eləcə də bax: Prezidentin nazirlərə tapşırıqları əsasında - TƏDBİRLƏR PLANI TƏSDİQLƏNDİ
FED.az xəbər verir ki, bu və maliyyə kredit sektorunda görüləcək digər tədbirlər Nazirlər Kabinetinin təsdiqlədiyi «Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı»nda nəzərdə tutulub.
Planın maliyyə kredit bölməsinə əsasən, Maliyyə Nazirliyi mart ayınadək büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təklifləri təqdim etməlidir.
Bundan başqa, Maliyyə və İqtisadiyyat Nazirlikləri aprel ayınadək xarici borcun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası (o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi) və xarici kreditlərin alınmasına zərurət yaranarsa qabaqcıl beynəlxalq texnoloji və müasir standartlara cavab verən layihələrin həyata keçirilməsi barədə təkliflər təqdim etməlidirlər.
Tədbirlər Planına əsasən, “Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsi də nəzərdə tutulur.
Sənədə əsasən Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə məşğul olacaq.
Eləcə də Mərkəzi Bank Bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görəcək.