Ötən il Azərbaycanda elektron pul və ödəniş təşkilatları vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının ümumi həcmi 60,5 milyard manat təşkil edib.
"Rəqəmsal ödənişlərlə bağlı AMB nəzdində innovativ hab yaradılmalıdır"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Azərbaycan Maliyyə Forumunda məlumat verib.
Onun sözlərinə görə, bu məbləğin 18,554 milyard manatı ödəniş əməliyyatlarının ekvayrinqi, 15,218 milyard manatı ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri, 12,236 milyard manatı kredit köçürmələri, birbaşa debetləşmə, ödəniş kartları və digər oxşar ödəniş alətləri ilə həyata keçirilən əməliyyatlar,
9,172 milyard manatı elektron pulun emissiyası və elektron pulla aparılan ödəniş əməliyyatları, 5,2 milyard manatı isə ödəniş hesabları üzrə nağd vəsaitlərin mədaxili və məxarici əməliyyatlarına aid olub.
X. Tağıyev bildirib ki, hazırda Azərbaycanda 15 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş sistemi operatoru lisenziyaya malikdir.
"AMB lisenziyaya malik ödəniş təşkilatlarının inkişafını dəstəkləmək və onların daha dayanıqlı fəaliyyətini təmin etmək üçün mühüm tədbirlər həyata keçirir. 2024-cü ildə ödəniş və elektron pul təşkilatları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 60 milyard manatı ötüb ki, bu da kifayət qədər yüksək göstəricidir. Hətta bəzi elektron pul təşkilatlarının mənfəətliliyi bəzi bankları üstələyir. Bu təşkilatlar vasitəsilə aparılan əməliyyatların həcmi də əhəmiyyətli dərəcədə böyükdür", - şöbə rəhbəri deyib.
X. Tağıyev əlavə edib ki, qanunvericiliyə əsasən, ödəniş təşkilatları 7 növ xidmət göstərə bilər və hazırda yerli ödəniş təşkilatları əsasən ekvayrinq xidməti üzrə fəaliyyət göstərir. Onların sayının, onun sözlərinə görə, 30-a çatdırılması planlaşdırılır.
O vurğulayıb ki, 2024-cü ildə bir sıra ödəniş təşkilatlarına lisenziya verilib, eləcə prudensial normativlər müəyyən edilib: "Hazırda bu sahənin inkişaf perspektivləri üzrə müvafiq işlər aparılır". (Report)