Bank sistemi üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı avqustda 117 min ədəd artaraq 10 milyon 256 min ədədə çatmışdır.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.1 % artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 8 ayı ilə müqayisədə 62.3% artmışdır. 2021-ci ilin 8 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 6 milyard 94 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 3 milyard 278 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2 milyard 439 milyon manatı POS-terminallar, 377 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilmişdir.
Avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 31.5%-ni təşkil etmişdir.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS terminalların sayı 5% artmışdır. (Marja)