Azərbaycan sahibkarları nağdız valyuta əməliyyatlarında çətinlik ilə qarşılaşıblar.
Eləcə də bax: Azərbaycanda dolların “qara bazar”ı ilə bağlı - Mərkəzi Bankdan Açıqlama
FED.az xəbər verir ki, sahibkarların Marja-ya verdikləri məlumata görə, banklar şirkətlərin və fərdi sahibkarların xaricə köçürmə tapşırıqlarını "konvertasiya edə bilmədiklərindən" icra etmirlər.
"Biz idxal ilə məşğuluq. Adətən aldığımız malın dəyərini ödəyən zaman hesabımızdakı məbləğ həmən günün məzənnəsi ilə ABŞ dollarına konvertasiya edilir və sonra köçürmə həyata keçirilir. 2021-ci ilin ilk iş günündən banklar bizim konvertasiya istəklərimizi təmin etmirlər. Bizə verilən məlumata görə, yaranmış vəziyyət bankların valyuta hərracından Dollar ala bilməmələri ilə bağlıdır. Bu absurddur, Mərkəzi Bankın məlumatına görə, bu gün valyuta hərracında banklara 70,6 milyon dollar satılıb. Həmçinin "qara bazar"dan istənilən qədər 1.72 manatdan Dollar tapmaq mümkündür. Bu gün səhər 11 radələrində İnternet Bankinq vasitəsilə konvertasiya əməliyyatı sifariş etmişik, lakin indiyədək sifarişimiz təmin edilməyib. Xarici tərəfdaşlarımıza yaranmış vəziyyəti izah etməkdə çətinlik çəkirik",- adının açıqlanmasını istəməyən iş adamı Marja-ya bildirdi.
Məsələ ilə əlaqədar Mərkəzi Banka və adları çəkilən banklara mövqelərini öyrənmək üçün müraciət etmişik. Onların təqdim edəcəkləri halda mövqelərini ictimaiyyətin diqqətinə çatdıracağıq.