Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 25-də “Azərbaycanda Milli Məkan
Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirilib.FED.az xəbər verir ki,tədbirdə Əmlak Məsələləri
Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrləri, İsrailin Azərbaycanda fövqəladə və
səlahiyyətli səfiri, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması işlərini həyata keçirən
“Ofek Aerial Photography” şirkətinin rəhbərliyi və nümayəndələri, jurnalistlər iştirak ediblər.
Konfransın məqsədi Milli Məkan Məlumatları infrastrukturunun formalaşdırılması, idarə
olunması, aktuallığının təmin edilməsi, inteqrasiyası və mühafizəsi ilə bağlı işləri daha da
təkmilləşdirmək, sistemin yaradılması ilə əlaqədar qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.
Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov
bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında
dövlətin idarəetmə mexanizmi innovativ üsullarla həyata keçirilir, o cümlədən elektron hökumət
quruculuğu, geoməkan standartlarının tətbiqi sahələrində işlər təkmilləşdirilir. Elektron hökumətin
ayrılmaz tərkib hissəsini ölkədə qurulmasına start verilmiş Milli Məkan Məlumatları İnfrastrukturu
təşkil edir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli
Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq
edilmişdir. Bu Qaydalar milli məkan məlumatlarının formalaşdırılması, aktuallığının təmin edilməsi
və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi prosedurlarını
müəyyən edir. Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə Milli Məkan Məlumatları
İnformasiya Sisteminin yaradılması və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə
inteqrasiyası işi həvalə edilməklə komitə sistemin operatoru kimi müəyyən olunub.
Bu infrastruktur dövlətin məkanla bağlı əsas məlumat bazası olub, özündə çoxlu sayda
mövcud müxtəlif mənbələrin məlumatlarını birləşdirməklə onları konkret coğrafi yerləşmə və zaman
kəsiyinə uyğun sistemləşdirir. Bu infrastruktur istənilən sahədə idarəetmə ilə bağlı düzgün
qərarların qəbul edilməsini, dövlət qurumları tərəfindən məkana bağlı məlumatın operativ əldə
olunmasını, ümumilikdə qurumlar arasındakı qarşılıqlı əlaqənin səmərəli təşkilini təmin edir.
Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı tədbirlər görülməsi üçün
aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb, verilmiş tapşırıqların
icrası olaraq bir sıra normativ hüquqi aktların ilkin layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim
edilib. Eyni zamanda Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron
Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə
açıq tender keçirilib və İsrailin beynəlxalq nüfuzlu “Ofek Aerial Photography” şirkəti tenderin qalibi
elan edilib.
Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları
İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Ölkəmizdə Milli Məkan Məlumatları
İnformasiya Sisteminin yaradılmasına böyük töhfə verəcək layihələrdən biri də “Yer Səthinin Peyk
Nəzarəti Sistemi”nin qurulması layihəsidir.
Qeyd olunub ki, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ölkədə iqtisadiyyatın
və idarəetmənin səmərəliliyinə müsbət təsir edən amillərdən biridir. Həmçinin Milli Məkan
Məlumatları İnfrastrukturunun dövlət və biznes qurumlarının operativ və şəffaf qarşılıqlı əlaqəsinin
təmin edilməsində xüsusi rolu var.
Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab
Ülvi Mehdiyev ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı ölkə
rəhbərliyinin tapşırıqlarına uyğun olaraq mühüm layihələrin həyata keçirildiyini qeyd edib. Həmçinin
Ülvi Mehdiyev Milli Məkan Məlumatları İnfrastrukturunun Rəqəmsal hökumətin vacib
komponentlərindən biri olduğunu və bu sistemin tez bir zamanda qurulmasının vacibliyini
vurğulayıb. Bildirib ki, məlum fərmana əsasən Agentlik milli məkan məlumatlarının ilkin mənbəyini
və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən edir.
Konfransın əhəmiyyətinə toxunan İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə
və səlahiyyətli səfiri Dan Stav isə bildirib ki, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması
ilə dövlət qurumlarının idarəetməsində daha operativ qərarlar qəbul ediləcək.
Sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrail Dövlətinin “Ofek Aerial Photography”
qurumu arasında Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron
Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin göstərilməsinə dair
müqavilə imzalanıb.
“Ofek Aerial Photography” qurumunun vitse-prezidenti Oded Erphat bildirib ki, Azərbaycanda
Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün cari vəziyyət öyrənilir və bu
infrastrukturun qurulmasına dair qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə müvafiq təkliflərin
təqdim edilməsi həyata keçirilir.
Xarici şirkətin nümayəndələrinin Azərbaycan Respublikasında Milli Məkan Məlumatları
İnformasiya Sisteminin qurulmasının başlıca məqsədləri və verəcəyi töhfə, onun hüquqi aspektləri,
eləcə də layihənin icra planı ilə bağlı təqdimatlar olub.
Sonda Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət
İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
“Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirilib
15:03
25 İyul 2019