Azərbaycan Mərkəzi Bankı (AMB) məsafədən bank hesabı açılmasına dair hüquqi çərçivəni təkmilləşdirib.
Eləcə də bax: Mərkəzi Bank yeni "10 manatlıq" buraxır – FOTO
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, elektron bankçılıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi, habelə innovativ həllərin tətbiqinin dəstəklənməsi məqsədilə “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” (Qayda) müasir trendlər nəzərə alınmaqla yeni redaksiyada hazırlanaraq təsdiq edilib. Bu, ilk növbədə məsafədən bank xidmətlərinin əldə olunması imkanlarını genişləndirməklə bank hesabının açılması prosesini rəqəmsal müstəvidə icra etmək imkanını təqdim edir. Qaydaya əsasən məsafədən bank hesabının açılması üçün nəzərdə tutulan məbləğlər üzrə limitlər ləğv edilib, gücləndirilmiş elektron imza ilə yanaşı yeni təsdiqetmə üsulu – gücləndirilmiş müştəri autentifikasiyasından istifadə imkanı yaradılıb. Artıq rezident fiziki şəxslər gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə məsafədən hesab açmaq imkanına malik olacaq. Bu isə bank xidmətlərinin əlçatanlığını artırır, fiziki olaraq filial və şöbə ilə təmin olunmayan ərazilərdə əhalinin bank xidmətlərindən istifadəsinə şərait yaradır.
Bununla belə, elektron bankçılıq xidmətlərinin göstərilməsi ilə bağlı risklərin daha effektiv idarə olunması məqsədilə müştərilərə məsafədən hesabların açılması zamanı belə xidmətləri göstərən bankların riskyönümlü tədbirlər həyata keçirməsi imkanları nəzərdə tutulur.
Qaydanın tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (https://www.cbar.az/page-217/regulations) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/49456) yerləşdirilmişdir.