Mayın 16-17-də Bakıda «FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik» adlı Sammit keçiriləcək. FED.az xəbər verir ki, tədbir Azərbaycan Banklar Assosiasiyası (ABB), Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilir.
Sammitin gündəliyi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq olar: https://www.gbmevents.az/az/
Гейд едяк ки, «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişlənməsi üzrə Dövlət Proqramı»nda Azərbaycan Banklar Assosiasiyasının üzərinə aşağıdakı vəzifələr qoyulmuşdur:
- Rəqəmsal bankçılığın təşviqi üzrə tədbirlərin həyata keçirilməsi;
- Aşağı gəlirli əhali üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqinin təşviq edilməsi;
- İstehlakçıların nağdsız qaydada əməliyyaların aparılmasına təşviq edilməsi;
- İş yerlərində rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi;
- Maliyyə məhsul və xidmətləri üzrə axtarış sisteminin yaradılması.
Sammit dörd Paneldən ibarət olmaqla, “Ənənəvi və yeni texnologiyalar: bankçılığın dəyişən siması – fintexlərin rolu”, “Ödəniş ekosistemi: yeni iştirakçılar, yeni həllər”, “Təhlükəsizlik və risklər” və “Vaxtı keçmiş borcların geri alınmasının müasir texnologiyaları” mözvularını əhatə edəcək.
Aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak edəcəyi bu tədbirdə Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Hindistan, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcəkdir.
İştirakçılar və spikerlər arasında Avropa Banklar Federasiyası, Rusiya Mərkəzi Bankı, Beynəlxalq Maliyyə Telekommunikasiya Mərkəzi (SWIFT), həmçinin “Standard Chartered Bank”, “TEB - BNP Paribas” və digər nəhəng banklar, “Visa Inc.”, “MasterCard Worldwide” və “American Express” beynəlxalq kart təşkilatları, eləcə də “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “KPMG” “Yandex.Money”, “Türkiyənin “Banklararası Kart Mərkəzi”, “RBK Money”, “QİWI”, “Maliyyə Texnologiyaları Mərkəzi (CFT Qrup)”, “Group-IB”, “Compassplus” və ödəniş ekosistemində təmsil olunan digər nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir.
Həmçinin “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində ölkə bankları tərəfindən kiçik və orta biznes subyektləri üçün rəqəmsal maliyyə texnologiyaları haqqında seminarların təşkili, maliyyə və rəqəmsal texnologiyalar istiqamətində çalışan startapların öz ideyalarını banklara təqdim etmələrinə imkan yaradan “Fintex və startaplar üçün açıq qapı günləri”, tələbələrə və şagirdlərə rəqəmsal texnologiyalar və startaplarla əlaqədar açıq dərslərin təşkili, onların informasiya texnologiyaları laboratoriyaları ilə tanış olması, eyni zamanda bank əməkdaşları üçün innovativ ödəniş texnologiyaların tətbiqinə dair nüfuzlu beynəlxaq təşkilatlar tərəfindən seminarların təşkili və digər tədbirlər nəzərdə tutulub.