Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlayır.
Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək
FED.az xəbər verir ki, bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin tətbiqi hazırda maliyyə sektorunun əsas istiqamətlərindən biridir: "Çünki dünyada rəqəmsallaşma artıq yenilik sayılmır. Əgər biz hələ də rəqəmsallaşmanın geniş tətbiqindən danışırıqsa, qlobal miqyasda diqqət artıq süni intellekt həllərinin tətbiqinə yönəlib. Bu proses isə kifayət qədər sürətlə gedir. Bu baxımdan qarşımızda duran əsas vəzifələrdən biri maliyyə institutlarının rəqəmsallaşma səviyyəsini yüksəltmək, eyni zamanda süni intellekt həllərinin tətbiqini genişləndirməkdir. Növbəti strateji dövrdə hazırda icra olunan layihələr davam etdiriləcək, bir çox təşəbbüslər isə daha geniş auditoriyanı əhatə edəcək".
F.Tofidi vurğulayıb ki, AMB rəqəmsallaşma üzrə indekslərin, xüsusilə rəqəmsal yetkinlik indeksinin hazırlanması planlaşdırılır: "Bu, ən böyük layihələrimizdən biri hesab olunur. Hazırda təsdiq və hazırlıq prosesləri davam etdiyindən bütün detalları açıqlamaq mümkün deyil. Bununla belə, ilkin nəticələr artıq formalaşıb və yaxın dövrdə həm media, həm də maliyyə sektoru ilə bölüşüləcək. AMB meqarequlyator kimi bank, ödəniş, fintex, sığorta və kapital bazarları sektorlarında rəqəmsallaşma və rəqəmsal yetkinlik səviyyəsini qiymətləndirib. Aparılan ölçmələr nəticəsində kifayət qədər maraqlı göstəricilər və nəticələr əldə olunub. Növbəti strateji dövr artıq yalnız bankın təşəbbüslərinə əsaslanan yanaşma deyil, real məlumatlara və analitik nəticələrə söykənən bir strategiya olacaq. Toplanan məlumatların və formalaşdırılan indekslərin nəticələrinin yeni strategiyada öz əksini tapması nəzərdə tutulur". (Report)














