Azərbaycanda kassa çekindən istifadə etməməyə görə, cərimələrin məbləği kəskin artırılır. FED.az xəbər verir ki, bu Vergi Məcəlləsinə gələn ildən qüvvəyə minəcək düzəlişlərdə nəzərdə tutulur.
Belə ki, qüvvədə olan Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə yol verildikdə 800 manat, üç və daha çox dəfə yol verildikdə isə 1200 manat məbləğində cərimə tətbiq edilirdi. İllik dövriyyəsi 200 min manatdan artıq olan mağaza və restoranlarda isə bu cərimələr müvafiq olaraq 2000, 4000, 6000 manat məbləğində idi.
Eləcə də bax: Həyatını sığorta edənlərə pis xəbər – FAİZLƏR DƏYİŞİR
Vəkillər Kollegiyasıının üzvü Sirac Piriyev FED.az-a bildirib ki, təklif olunan dəyişikliyə görə isə 2019-cu ildən etibarən bu pozuntuya görə bütün vergi ödəyiciləri eyni məbləğlərdə cərimə ödəyəcəklər. Belə ki, il ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha artıq hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.
Yeni maliyyə sanksiyaları Qanun qüvvəyə mindiyi gündən belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq ediləcəkdir.
Eləcə də bax: Azərbaycanda bağlanan şirkətlər – SİYAHI