Azərbaycanda şəriətə uyğun bank və sığorta xidmətlərinin tətbiqi qeyri-neft sektoruna investisiya cəlb etmək üçün yeni imkanlar yaradır.
"Fitch" Azərbaycanda islam maliyyəsinin tətbiqi perspektivlərini qiymətləndirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, artıq ölkədə İslam bankçılığı və sığorta fəaliyyətinə dövlət, xüsusilə də Azərbaycan Mərkəzi Bankı tərəfindən icazə verilib.
Onun sözlərinə görə, “Rabitəbank” və ABB Mərkəzi Bankla razılaşma əsasında “sandbox” rejimində İslam maliyyə məhsullarını təqdim etməyə başlayıblar. Həmçinin fevralın 24-də ilk İslam sığorta şirkətinin fəaliyyəti də təsdiqlənib. Bu addımlar qeyri-neft sektorunun inkişafı baxımından vacib hesab olunur.
O qeyd edib ki, hazırda təqdim olunan əsas İslam bankçılığı məhsulu “Murabaha”dır. Bu model daha çox mikro, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub.
“Belə ki, sahibkarın kifayət qədər vəsaiti olmadıqda, bank onun üçün lazım olan avadanlıq və ya xammalı alır və daha sonra onu hissə-hissə ödəmək imkanı ilə sahibkara təqdim edir. Bu, bizneslərin fəaliyyətini genişləndirməyə kömək edir. Gələcəkdə bu məhsulların daha da genişləndirilməsi planlaşdırılır. Xüsusilə kənd təsərrüfatı, tikinti, qida sənayesi və istehlak məhsulları sahələrində tətbiqin artırılması nəzərdə tutulur. Bundan əlavə, bu mexanizmlərin ipoteka bazarına da tətbiqi gözlənilir ki, bu da vətəndaşların ev sahibi olmasını asanlaşdıra bilər”, - deyə mərkəzin sədri vurğulayıb.
R.Atakişiyev bildirib ki, İslam sığortası (takaful) isə ənənəvi sığortadan bəzi xüsusiyyətlərinə görə fərqlənir: “Məsələn, sığorta olunan şəxs müəyyən müddət ərzində daha az risk yaradırsa, növbəti dövrlərdə güzəştlər əldə edə bilər. Bu da həm sığorta bazarında məhsul müxtəlifliyini artırır, həm də qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin sığortaya marağını yüksəldir”. (Azərtac)












