Azərbaycan Mərkəzi Bankı (AMB) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizin tarixində ilk dəfə bu il mayın 10-da tədavülə buraxdığı, yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə (1 unsiya, 1/2 unsiya, 1/4 unsiya, 1/10 unsiya) investisiya pul nişanlarının satışı üçün agent banklar seçib.
TuranBank Mərkəzi Bank tərəfindən investisiya pul nişanları üzrə - SATIŞ AGENTİ SEÇİLDİ
FED.az quruma istinadən xəbər verir ki, bunlar, “Bank of Baku” və "Turan Bank" ASC-lərdir.
Həmin banklar AMB-nin İdarə Heyətinin qərarı ilə, bu sahədə müəyyən edilmiş tələblərə cavab verdiyi üçün seçilib.
Satış agentlərinin seçilməsi ilə əlaqədar AMB investisiya pul nişanlarının birbaşa əhaliyə və banklara satışını və geri alışını dayandırıb.
Satış agentlərinə qarşı müəyyən edilmiş tələblər və satış agentlərinin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində “Milli pul nişanları” bölməsinin “İnvestisiya pul nişanları üzrə satış agentləri” alt bölməsindən tanış olmaq mümkündür.
Gələcəkdə yeni satış agentləri müəyyən edilərsə bu barədə əlavə məlumat veriləcək.