Bu ilin yanvar-fevral aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 711,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% az vəsait yönəldilib, sərf edilmiş vəsaitin 69,6%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 2% artıb. Ümumi sərmayənin 60,3%-i məhsul istehsalı obyektlərinin, 30,5%-i xidmət sahələri üzrə obyektlərin, 9,2%-i isə ümumi sahəsi 252,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 68,1%-ni təşkil edib.
Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinin sayı milyona yaxınlaşır
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,3%, büdcə vəsaitləri 22%, əhalinin şəxsi vəsaitləri 6,1%, bank kreditləri 4,6%, büdcədənkənar fondların vəsaitləri 0,7%, sair vəsaitlər isə 0,3% təşkil edib.
2019-cu ilin yanvar-fevral aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan və Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1 170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Şəmkir rayonunda 260 çarpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.