Maliyyə Nazirliyinin Kollegiyası “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nı təsdiqləyib.
Azərbaycanda “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb
FED.az xəbər verir ki, bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.
Eyni zamanda nazirliyin 28 dekabr 200-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında təlimat” və “Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin Xəzinə uçotu haqqında təlimat” ləğv edilib.
Yeni qərara əsasən, Maliyyə Nazirliyi xərclər üzrə maliyyə əməliyyatlarının aparılmasının sadələşdirilməsi məqsədilə bir sıra xərclər üzərində kassa məxaric əməliyyatlarının aparılmasında təsdiq səlahiyyətlərinin xüsusi proqram təminatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi üçün “Yaşıl dəhliz” sistemi yaradacaq. “Yaşıl dəhliz” sisteminin əhatə etdiyi xərclərin siyahısını nazirlik müəyyən edəcək.
Bu sistem “Dövlət satınalmaları haqqında” qanuna və yaxud Mülki Məcəlləyə uyğun olaraq malların, işlərin və xidmətlərin dəyərinin satınalma müqaviləsi və yaxud mülki müqavilə əsasında ödənilməsini nəzərdə tutan xərclərə aid edilməyəcək. Zərurət yarandıqda, meydana çıxan risklər qiymətləndirilməklə Maliyyə Nazirliyi xərclər üzərində “Yaşıl dəhliz” sisteminin tətbiqini məhdudlaşdıra bilər.
Həmçinin, büdcə səviyyəsi, dövlət xəzinədarlığına pul vəsaitlərinin daxil olmasının təmin edilməsi, xərclərə dair maliyyə əməliyyatlarının aparılması üçün xəzinə hesablarının açılması və bağlanması qaydası müəyyənləşib. Belə ki, xəzinə hesablarının rekvizitləri 28 simvoldan ibarət olacaq və vahid büdcə təsnifatı üzrə müəyyən edilmiş inzibati təsnifat kodlarının son 3 rəqəmi nəzərə alınacaq.
Bundan başqa, Xəzinədarlığın İnformasiya İdarəetmə Sisteminin (XİİS) əhaətə dairəsi müəyyənləşdirilib.
XİİS operatoru büdcə səviyyələri üzrə müəyyən edilmiş gəlir və xərc smetalarını hər il yanvar ayının 10-na qədər orqan və qurumların xəzinə hesabları üzrə şəxsi vərəqələrinə daxil edəcək. Təşkilat 3 iş günü ərzində şəxsi hesab vərəqəsində dəyişiklik edə bilər, operator həmin dəyişiklikləri 2 iş günü ərzində yoxlayaraq təsdiq edir.
Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.