Azərbaycanda vətəndaşların və iş adamlarının dollara tələbatı azalıb. Son valyuta hərraclarının nəticələrinə görə, banklarda da valyutaya marağın aşağı düşdüyünü söyləmək olar.
FED.az bank dairələrindən əldə etdiyi məlumatlara istinadən xəbər verir ki, bu gün yanvarın 23-də Mərkəzi Bank və Dövlət Neft Fondunun birgə keçirdiyi valyuta hərracında bankların iştirakı çox zəif olub. Cəmi 2 bank dollar almaq üçün hərraca qatılıb.
Beləliklə, bu gün valyuta hərracına ümumilikdə 55 milyon dollar çıxarılıb. Ancaq bu məbləğin cəmi 37%-i və ya 20 milyon 370 min dolları satılıb. Hərraca çıxarılan valyutanın 20 milyon 70 min dolları 1.7001 məzənnəsi ilə bir banka satılıb. 300 min dollarlıq digər sifariş isə 1.7000 manat məzənnəsi ilə satılıb.
Eyni zamanda bu gün banklarda dolların satışı ötən həftəyə və dünənə nisbətən ucuzlaşıb. Yanvarın 19-da ABŞ valytasını 1.7020 manata satan "Amrahbank" və "Atabank" bu gün 1.7010 manata satır. Eləcə də "Azər Türk Bank" dolların satışını 1.7025 manatdan 1.7010 manata, Beynəlxalq Bank 1.7050 manatdan 1.7040 manata, "Muğanbank" isə 1.7050 manatdan 1.7040 manata salıb.
Ən böyük ucuzlaşma "Yapı Kredi Bank"dadır. Yanvarın 19-da dolları 1.7030 manata satan bank bu gün 1.7000 manata satır. Ən az geriləmə isə "Kapital Bank"dadır - 1.7015 manatdan 1.7010 manata.
"Azərpoçt"da da dolların satışı ucuzlaşıb. Bu gün həmin qurumda ABŞ valyutası 1.7015 manata satılır. Yanvarın 19-da isə məzənnə 1.7025 manat olub.
Bu gün "qara bazar"da da dollar satışı xeyli geriləyib. Fərdi valyuta satışı ilə məşğul olan vətəndaşlardan əldə etdiyimiz məlumata görə, banklarda valyuta satışının ucuzlaşması onların işinə də təsir edib:
"Artıq banklar "qara bazar"a valyuta çıxarmırlar. Özləri ondan da ucuz satırlar. Gün ərzində 100-200 dollar çıxarılır. Onu da 1.7000 manata satırıq".
Onu da deyək ki, son günlərdə banklararsı bazarda da dolların məzənnəsi aşağı düşüb. Dünən yanvarın 22-də "Bloomberg"də dollars atışı 1.6970 - 1.7002 manat aralığında dəyişib. Bu saata olan göstəriciyə görə, məzənnə 1.6998 manatdır.
Halbuki, yanvarın əvvəllərindən terminalda bahalaşma müşahidə edilirdi. Banklararası bazarda dollar satışı bəzi günlərdə hətta 1.7006 manatadək qalxmışdı.
Bütün bunlar ölkədə dollara tələbatın azaldığını, bankların valyuta almağa maraq göstərmədiyini deməyə əsas verir.