Yeni monetar siyasətin nəticəsi olaraq ötən il unikal əmanətçilərin sayı 2024-cü illə müqayisədə 81,3% artıb.
Ötən il bank əmanətçilərinin depozit gəlirləri 42%-ə yaxın artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü ilin sonunda ölkə üzrə unikal əmanətçilərin sayı 106 min nəfər təşkil etdiyi halda, 2025-ci ilin sonuna bu göstərici 194 min olub: "Beləliklə, son 30 il ərzində formalaşan təxminən 100 minlik əmanətçi bazası cəmi son 2 il ərzində iki dəfə artım nümayiş etdirib".
"Maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi üçün likvidliliyin örtülməsi əmsalı tətbiq edilib: "Bu da banklara tələb gətirdi ki, daha çox müddətli depozitlərin cəlb edilməsi ilə məşğul olsunlar. Sistem əhəmiyyətli bankların depozit faizləri 6% həddində idi. Likvidliliyin örtülməsi əmsalı və faiz xərclərinə ədalətlilik prinsipi tətbiq edildikdən sonra bankların faiz xərcləri artdı. Bu islahatların nəticəsi olaraq 2024-cü ildə müddətli depozitlərin həcmi 1,8 milyard manat, ötən il isə 2,3 milyard manat artıb", - deyə o, bildirib.










