27 dekabr 2018-ci il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Təlim və Maarifləndirmə Mərkəzinin, “Standart Insurance” Sığorta Şirkətinin və Dövlət Aqrar Universitetinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.
FED.az xəbər verir ki, MBNP-nın Təlim və Maarifləndirmə Mərkəzinin Direktoru Anar Həsənov, “Standart Insurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Sadıxov və Azərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının professoru, iqtisad elmləri doktoru, kafedra müdiri Məhərrəm Hüseynovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin strateji hədəflərindən olan sığorta bazarının inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr müzakirə olunub.
Bildirilib ki, kənd təsərrüfatı sahəsinə xas olan risklərin qiymətləndirilməsi, aqrar sektorun maliyyələşdirilməsinin gücləndirilməsini o cümlədən şəffaf və maliyyə cəhətdən dayanıqlı kənd təsərrüfatı sığortası sisteminin yaradılması aqrar sahə üzrə mütəxəssisə ehtiyac yaradacaq.
Bu sahənin insan resursları potensialı baxımından inkişaf etdirilməsi xüsusi yanaşma və “Aqrar sığorta” üzrə kadr hazırlığını zərurətə çevirir. Qeyd edilənlər və kənd təsərrüfatında sığorta işinin bilavasitə bitkiçilik və heyvandarlıq məhsulları istehsalı ilə qarşılıqlı əlaqədə aparılmasını nəzərə alınaraq “Aqrar sığorta” ixtisasının məhz ADAU-da açılması məqsədəuyğun hesab edilib.
Növbəti il üçün MBNP “Standard İnsurance” SŞ ilə birgə, ADAU ilə əməkdaşlıq çərçivəsində maarifləndirmə seminarlarının keçirilməsi, Təlim və Marifləndirmə Mərkəzi ilə əməkdaşlıq memorandumunun imzalanması, həmçinin tələbələrin sığorta sahəsində maarifləndirilməsi üzrə işlərə başlanılmasından bəhs edilib.
Azərbaycanda ali məktəbdə - SIĞORTA İXTİSASI AÇILIR
12:35
29 Dek 2018