Azərbaycanda 2027–2030-cu illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində “Açıq Bankçılıq” və “Açıq Maliyyə” ekosisteminin genişləndirilməsi prioritet istiqamətlərdən biri olacaq.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi strateji hədəflərə əsasən, rəqəmsal maliyyə xidmətlərinin əlçatanlığının artırılması, innovativ ödəniş həllərinin tətbiqi və maliyyə institutları arasında inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur.
Strategiyada ilk istiqamət kimi hüquqi şəxslər üçün “Açıq Bankçılıq” çərçivəsində ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinin (PIS – Payment Initiation Service) inteqrasiyası müəyyən edilib. Bu yanaşma biznes subyektlərinə bank sistemləri arasında daha çevik və sürətli ödəniş imkanları yaradacaq, eyni zamanda rəqəmsal əməliyyatların genişlənməsinə təkan verəcək.
Sənəddə ikinci prioritet “Açıq Bankçılıq” ekosistemində iştirakçı sayının artırılmasıdır. Bu çərçivədə banklarla yanaşı, fintex şirkətləri və digər maliyyə xidmətləri təminatçılarının da sistemə cəlb olunması planlaşdırılır. Məqsəd maliyyə bazarında rəqabətliliyin yüksəldilməsi və innovativ xidmətlərin çeşidinin genişləndirilməsidir.
Strategiyanın digər mühüm istiqaməti “Açıq Maliyyə” çərçivəsində bankların və digər maliyyə təşkilatlarının vahid ekosistemə qoşulmasının təmin edilməsidir. Bu model müxtəlif maliyyə institutları arasında məlumat mübadiləsinin və xidmət inteqrasiyasının daha effektiv şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Bundan əlavə, ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinin müxtəlif platformalarda “PIS as a Service” modeli əsasında tətbiqi də strateji hədəflər sırasındadır. Bu model vasitəsilə rəqəmsal platformalar və biznes subyektləri ödəniş xidmətlərini daha asan inteqrasiya edə biləcək və elektron ticarət əməliyyatlarının sürətlənməsi mümkün olacaq.
"Nəzərdə tutulan təşəbbüslər Azərbaycanın maliyyə sektorunda rəqəmsallaşmanın dərinləşməsinə, innovasiya əsaslı maliyyə xidmətlərinin inkişafına və beynəlxalq maliyyə standartlarına uyğunlaşmanın sürətlənməsinə mühüm töhfə verəcək. Strategiyanın həyata keçirilməsi nəticəsində həm istehlakçılar, həm də biznes subyektləri üçün daha çevik, təhlükəsiz və inteqrasiya olunmuş maliyyə mühiti formalaşa bilər", - məlumatda qeyd edilib. (Trend)













