Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarının Mərkəzi Bankda (AMB) təqdimat mərasimi keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, AMB-dən verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun apardığı 44 günlük Vətən Müharibəsi zəfərlə başa çatdı. Azərbaycanın tarixi torpaqları olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda 2020-ci ildə aparılmış Vətən Müharibəsindəki qələbəmiz milli tariximizin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı. Azərbaycan xalqının sarsılmaz iradəsi, milli ordumuzun böyük şücaəti və dəmir yumruq otuz ilə yaxın təcavüzkar erməni faşistləri tərəfindən işğal və talan edilən vətən torpaqlarının düşmən tapdağından azad edilməsini təmin etdi. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu qələbənin əldə olunmasının əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi nəhəng dövlət və ordu quruculuğu, müdrik xarici və daxili siyasət, böyük xalqımızın yorulmaz əməyi və Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır.
Ölkədə uğurla həyata keçirilən siyasi kurs, dövlətimizin beynəlxalq mövqeyinin və nüfuzunun yüksəlməsi, onun iqtisadi və maliyyə potensialının güclənməsi və ən başlıcası isə Prezident – Xalq birliyi bu qələbənin əldə edilməsində həlledici rol oynadı.
Böyük qürur hissi ilə bildirildi ki, Mərkəzi Bankın 12 əməkdaşı da Vətən Müharibəsində iştirak etmişdir. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunublar.
Sonra E. Rüstəmov bildirib ki, çağdaş tariximizin ən şanlı səhifələrindən biri kimi yaddaşlardan silinməyəcək bu Zəfər tarixini əbədiləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı 500 manat nominallı “ZƏFƏR” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetasının, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”, “Qubadlı”, “Ağdam”, “Zəngilan”, “Füzuli”, “Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılmasını elan edib.
Qeyd olundu ki, xatirə banknotu üzərində əsas dizayn elementləri kimi Azərbaycan Respublikası Prezidentinin “Qarabağ Azərbaycandır!” ifadəsi, ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri, eləcə də “8 Noyabr Zəfər Günü” sözləri, qələbəmizin simvoluna çevrilmiş Xarıbülbül, şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr, yenilməz Azərbaycan əsgərləri, üçrəngli bayrağımızın təsvirləri əks olunmuşdur.
Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının da yenilənməsini həyata keçirmiş və növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur. “Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.