Azərbaycandakı işədüzəltmə şirkətləri başa çatmaqda olan 2017-ci ildə təklif olunan vakansiyalar və burada təklif edilən əmək haqları ilə bağlı məlumatları açıqlayıblar.
FED.az xəbər verir ki, bu il ən yüksək vəzifəli vakansiyada əmək haqqı olaraq namizədə ayda 13 min manat təklif edilib. Məlum olub ki, bu maaşı ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdən biri departament direktoru vəzifəsinə görə təklif edib. Maraqlıdır ki şirkət belə məsuliyyətli və yüksək əmək haqqı olan vəzifə üçün işçini işıdüzəltmə şirkəti vasitəsilə axtarırmış. Bu dövrdə elan edilən vakansiyalar arasında ən aşağı əmək haqqı isə, agentliklərdən verilən məlumata görə, 250 manat təşkil edib. Bu vakansiya xidmətlər sahəsinə aiddir. Bir qayda olaraq, iş elanlarında ən yüksək maaşlı vakansiyaları xarici şirkətlər və ya xaricilərlə birgə müəssisələr təklif edirlər. Yerli şirkətlərdə isə aylıq əmək haqları 6 min manatı keçmir (söhbət elan olunan vakansiyalardan gedir). 2017-ci ildə əmək bazarında ən çox tələbat olan peşələr marketinq mütəxəssisləri, menecerlər, auditorlar, mühəndislər və xidmət sektoru işçiləri (ofisiantlar, satıcılar və s. ) olub. Son illər əsas işə götürənlər yerli şirkətlərdir.
Maraqlıdır ki, eyni zamanda yerli işçilərə də maraq artmaqdadır. Bu onunla əlaqədardır ki, əvvəla, miqrasiya xidməti tərəfindən xarici işçi qüvvənin Azərbaycana gəlməsi ilə bağlı tələblər sərtləşdərilib, ikincisi isə bazarda yüksək səviyyəli və xarici şirkətlərdə iş təcrübəsi olan yerli mütəxəssislərin də sayı artmaqdadır. Xatırladaq ki, hazırda Azərbaycanda orta aylıq əmək haqqı 550 manat ətrafındadır. Xarici neft şirkətləri üzrə orta aylıq əmək haqqı isə ayda 5 min manat təşkil edir.
Haqqın.az©
Azərbaycanda 13 min manatlıq əmək haqqı kimə vəd edilib?
17:18
4 Dek 2017