Mayın 7-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.
DİM-dən FED.az-a bildirilib ki, imtahana qeydiyyat Mərkəzin saytı vasitəsilə aparılıb və imtahan vermək üçün 1005 (KOSS -313, MHBS-411, İSMUBS-281) nəfər müraciət edib.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.
Üç saat davam edəcək imtahanda namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından, kitabça ilə mütləq tanış olmalarını xahiş edir.
Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 104 nəzarətçi müəllim, 12 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.