Ötən il iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, respublikaya daxil olan pul baratlarının dinamikasına da təsir edib. İlkin rəqəmlərə əsasən 2017-ci ildə ölkəyə daxil olan pul baratları 1,2 milyard ABŞ dolları olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub. Bildirilir ki, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya, İsveçrə və Çexiya sərmayədarlarına məxsus olub.
Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib. Ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11 faizdən çox artıb. Ötən ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 30 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 2,9 dəfə üstələyib.