Azərbaycanın ümumi dövlət borcu, o cümlədən xarici dövlət borcu açıqlanıb.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyi Azərbaycanın dövlət borcu ilə bağlı son vəziyyəti açıqlayıb. Dövlət Borcu üzrə illik Statistik Bülletenə əsasən 2025-ci ilin əvvəlinə Azərbaycanın 27 milyard 380 milyon manat dövlət borcu var. Bunun 8 milyard 720,5 milyon manatı (5 milyard 130 milyon dollar) və ya 31,8 faizi xarici dövlət borcudur.
Daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və ya ümumi borcun 68,2%-ni təşkil edir.
Sənədə əsasən, 2025-ci ilin əvvəlinə olan vəziyyətə Azərbaycanın ən çox borcu olduğu təşkilat Asiya İnkişaf Bankıdır. Azərbaycan bu banka 1,8 milyard dollar borcludur. Bu Azərbaycanın bütün xarici borcunun 35%-i deməkdir.
Bundan başqa, Azərbaycan avrobond (yəni xarici valyutada istiqraz) buraxmaqla Avropadan 1 milyard 387 milyon dollarlıq borc cəlb edib. Amma avrobondların heç də hamısı eyni investora aid deyil və bu məsələdə Azərbaycan çoxsaylı investor (avrobond sahibi) qarşısında öhdəliyə malikdir.
Borcun məbləğinə görə, sonrakı yeri Dünya Bankı tutur – 811 milyon dollar və ya ümumi xarici borcun 15,8%-i.
Bundan başqa, Azərbaycan İslam İnkişaf Bankına 256 milyon dollar, Avropa Yenidənqurma və İnkişaf Bankına isə 249 milyon dollar borcludur.