Azərbaycan hökuməti və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) gələn həftə Gəncə şəhərinin işıqlandırma sisteminin təkmilləşdirilməsi üçün kreditin ayrılması haqqında saziş imzalayacaq.
Eləcə də bax: Avropa Bankı Azərbaycanda iki şirkətə – 4 Milyon Dollar Kredit Ayırıb
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
“Saziş AYİB-in prezidenti Odile Renaud-Bassonun Azərbaycana səfəri çərçivəsində imzalanacaq. Bu, bankın Azərbaycanda maliyyələşdirdiyi ikinci “Yaşıl şəhər” layihəsi olacaq”, - deyə məlumatda bildirilir.
Layihənin dəyəri 15 milyon avrodur. 10 milyon avro məbləğində kredit AYİB, 2,5 milyon avro məbləğində qrant beynəlxalq donor, qalan məbləğ isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Layihə üzrə benefisiar “Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyidir.
Layihə çərçivəsində Gəncə şəhərində ayrı-ayrı küçələrin işıqlandırma şəbəkəsinin modernləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə və monitorinq sistemlərinin tətbiqi, işıq dirəkləri və elektrik kabellərinin dəyişdirilməsi nəzərdə tutulur.
Layihə şəhərdə küçə işıqları infrastrukturunun yaxşılaşdırılması hesabına enerjiyə ciddi qənaət etməyə, küçə işıqlarının istismar və texniki xidmət xərclərini optimallaşdırmağa, xidmət keyfiyyətini yaxşılaşdırmağa, ətraf mühitin, vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunmasını təmin etməyə imkan verəcək. Eyni zamanda, layihə “yaşıl enerji”yə keçidi də təmin edəcək.
“AYİB prezidenti Azərbaycanda telekommunikasiya, media və texnologiya (TMT) sektorunun inkişafı layihəsinin işə salınması mərasimində də iştirak edəcək”, - deyə bankdan əlavə ediblər.
Odile Renaud-Basso 12-16 sentyabr tarixlərində Cənubi Qafqaz ölkələrində səfərdə olacaq.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,6 milyard avroya yaxın vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 32 layihə daxildir və onların həyata keçirilməsinə 844 milyon avro ayrılıb (2022-ci il iyulun 31-nə olan vəziyyətə görə). (İnterfaks-Azərbaycan)