Xəbər verildiyi kimi, sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü çərçivəsində bir sıra razılıqlar əldə edilib.
Azərbaycan Avropa banklarından ala bilmədiyi pulu – ƏRƏBLƏRDƏN ALACAQ – İMZALANMA
FED.az xəbər verir ki, razılaşmalardan biri də bu ölkənin Əbu-Dabi inkişaf Holdinqinin Azərbaycanın aparıcı banklarından olan «Azər-Türk-Bank» a sərmayə yatırması ilə bağlıdır.
Prezidentlərin görüşündə Azərbaycan İnvestisiya Holdinqi (hansı ki, «Azər-Türk-Bank» da bura daxildir) ilə «Əbu-Dabi inkişaf Holdinq Şirkəti» ASC arasında Azərbaycanın «Azər-Türk Bank»ın sərmayələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sərmayələşdirmə – banka vəsait yatırmaq və onun nizamnamə kapitalından, yəni bankın özündən pay almaq deməkdir. Başqa sözlə, bu anlaşma Əbu-Dabi inkişaf Holdinqinin «Azər-Türk Bank»dan pay almasını nəzərdə tutur.
Xatırladaq ki, 2024-cü ilin sonunda «Azər-Türk Bank»ın səhmlərinin 75%-i Azərbaycan hökumətinə, 12,37%-i Türkiyənin «Ziraat Bankı»na, 6,55%-i Azərbaycanın «AzRe Təkrar sığorta şirkətinə», 5%-i «Qala Həyat» həyat sığortası şirkətinə, 1,08%-i isə «Ziraat Bank International AG»-a məxsus olub.
Bununla yanaşı, 2024-cü ilin iyulunda bankın səhmdarlarının qəbul etdiyi qərara əsasən «Azər-Türk-Bank»ın səhmlərinin 51%-i Dövlət Neft Şirkətinə – SOCAR-a satılıb.
Hələlik Ərəb Holdinqinə bankın hansı səhmdarlarının səhminin satılacağı dəqiq məlum deyil.
Bəs «Azər-Türk-Bank»ın yeni səhmdarı olacaq «Əbu-Dabi İnkişaf Holdinq»i nədir, nə işlə məşğuldur?
FED.az xəbər verir ki, «Əbu-Dabi İnkişaf Holdinq Şirkəti» —Abu Dhabi Development Holding Company (ADQ) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyi tərəfindən 2018-ci ildə yaradılmış yaradılmış böyük dövlət investisiya holdinqidir.
Holdinqin aktivləri 157 milyard dollardan artıqdır. Bu Azərbaycanın bütün bank sisteminin cəmi aktivlərindən 5 dəfə artıqdır.
Maraqlı detal - «Əbu-Dabi İnkişaf Holdinq»nin sədri Şeyx Tahnoun bin Zayed Al Nahyandır, o BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın (hansı ki, Azərbaycana səfər edib) doğma qardaşıdır. Yəni, onlar Əbu-Dabi hakim ailəsinin (Al Nahyan sülaləsi) üzvləridir.
Bu holdinqin yaradılmasının və fəaliyyətinin məqsədi Abu-Dabi əmirliyinin strateji prioritet sahələrinə, iqtisadi infrastruktur, kritik xidmət sektoru, enerji, kənd təsərrüfatı, logistika və s. yönəlmiş investisiyaları idarə etmək; dövlətə məxsus şirkətləri daha səmərəli və məhsuldar etmək; yerli iqtisadiyyatı diversifikasiya etməkdir.
ADQ-nun fəaliyyəti çoxşaxəlidir, holdinq aşağıdakı sahələrdə aktivlərə malikdir və ya investisiya qoyur:
• Tullantıların emalı, enerji və kommunal xidmətlər - su, elektrik, nüvə enerjisi
• Nəqliyyat və logistika - hava limanları, limanlar, dəmir yolları
• Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi
• Səhiyyə və həyat elmləri
• Turizm, hotelçilik və qonaqpərvərlik sektoru
Eləcə də şirkət, media və mədəniyyət, sərgilər kimi sahələrə də sərmayə yatırıb.
ADQ-nun idarə etdiyi aktivlərin ümumi həcmi milyardlarla dollarla ölçülür. Məsələn, 2022-ci ildə Holdinq təxminən AED 732 milyard (təxminən US$157 milyard) aktivlərə malik olub. Müqayisə üçün bildirək ki, Azərbaycanın bank sektorunun cəmi aktivləri 32 milyard dollardır, yəni Holdinq bütün sektordan azı 5 dəfə böyükdür.
Holdinqin portfelində 11 sektor üzrə fəaliyyət göstərən 25-dən çox şirkət var. Son illərdə portfelinə yeni şirkətlər əlavə edib: həm kommersiya, həm turizm obyektləri, həm də xidmət və infrastruktur şirkətləri aiddir.
Holdinqin bank və maliyyə biznesinə də sərmayəsi var.
Məsələn, «Əbu-Dabi İnkişaf Holdinq»i Türkiyənin özəl banklarından biri olan «Odeabank»ın səhmlərinin 96%-ə sahibdir. Bundan başqa. Holdinq «Bank of Montreal» ilə birlikdə Kanadalı vençur kapital platforması Sagard-a pay alıb. Sagard çoxsaylı portfel şirkətləri olan bir strukturdur.
Bundan başqa, bir neçə il əvvəl Holdinq BƏƏ-nin tibbi sığorta şirkəti olan «Daman» şirkətinin son 20% payını Munich Re-dən alaraq «Daman»ın tam sahibi olub.
Azərbaycan üçün 1 milyard dollar nəzərdə tutmuşdu, amma onda bank mövzusu yox idi
Holdinqin Azərbaycanla indiyədək olan əlaqələrinə misal olaraq Azərbaycan İnvestisiya Holdinqi (AIH) ilə birlikdə qurulan 1 milyard dollarlıq investisiya platformasını göstərmək olar. Bu platforma kənd təsərrüfatı, texnologiya, dərmançılıq və enerji infrastrukturu kimi sahələrə investisiyalar yatırmağı nəzərdə tutur. Amma burada bank, sığorta və digər maliyyə müəssisələri indiyədək nəzərdə tutulmurdu.
Digər ölkələrə gəlincə, Holdinqin «Aramex» logistika şirkətində ciddi payı var. Eyni zamanda Macarıstanın «Wizz Air Abu Dhabi» layihəsində, eləcə də Qlobal kənd təsərrüfatı və ticarətlə məşğul olan «Louis Dreyfus Company» və «LuLu Group» kimi qlobal şəbəkələrdə əhəmiyyətli paylara malikdir.
Ümumiyyətlə Holdinqin portfeli çoxşaxəlidir və portfeldəki şirkətlərin əməliyyatları 100-dən artıq ölkəyə yayılır.