Bu ilin I rübündə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2,6 milyard ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycanın qeyri-neft sektoru üzrə xarici ticarətində - 1,6 MİLYARD DOLLARLIQ KƏSİR
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bunun 1,6 milyard ABŞ dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 milyard ABŞ dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 23,3 % azalaraq 627,5 milyon ABŞ dolları olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 477,3 milyon ABŞ dolları (29,8 % azalma) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 150,2 milyon ABŞ dolları (8,8 % artım) olub.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 37,5 %-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 994,5 milyon ABŞ dolları olan nəqliyyat xidmətlərinin 61,6 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 612,6 milyon ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 381,9 milyon ABŞ dolları təşkil edib.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 3,6 %, idxalı isə 15,1 % artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin I rübündə 230,6 milyon ABŞ dollara (10,3 % artım) yüksəlib (2021-ci ilin I rübündə bu göstərici 209,1 milyon ABŞ dolları olub). (Report)