Mərkəzi Bankın ilk dəfə tədavülə buraxdığı investisiya məqsədli pul nişanlarını həm ölkə vətəndaşları, həm də əcnəbilər əldə edə biləcək.
Azərbaycanda ilk dəfə: Yatırım edib qazanmaq üçün - QIZIL PULLAR BURAXILDI
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Akşin Vəliyev Heydər Əliyevin 100 illik yubleyi ilə bağlı pul nişanlarının təqdimatında bildirib.
O qeyd edib ki, qızıl sikkələr yüksək əyarlı qiymətli metaldan hazırlanıb və onları həm Mərkəzi Bankın, həm də yerli bankların kassalarından almaq mümkün olacaq. Baş direktor onu da əlavə edib ki, yüksək əyarlı yerli qızıldan hazırlanmış investisiya məqsədli pul nişanları həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları üçün əlçatan olacaq.
Mərkəzi Bank ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarını 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxacaq. Təqdimat mərasimində həmin pul nişanlarının bir neçə nümunəsi iştrakçılara nümayiş edilib.
Qeyd edək ki, pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və ''Heydər Əliyev'' yazıları, arxa tərəfində isə ''Azərbaycan Respublikası'' sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub. (Xezerxeber.az)