25 milyon dollar büdcəsi olan Azərbaycan-Qırğız İnkişaf Fondu kreditlər və borc təqdim etmək yolu ilə Qırğızıstanda təsisçilər üçün prioritet olan layihələrə investisiyalar qoyacaq.
Eləcə də bax: Azərbaycan və Qırğızıstan birgə İnkişaf Fondu - YARADIR
FED.az xəbər verir ki, bunu Qırğızıstan İqtisadiyyat və Kommersiya Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, fondun təsisçiləri Qırğızıstan ərazisində qeydiyyata alınan və fəaliyyət göstərən təsərrüfat subyektləri ilə bağlı maliyyə alətlərinin istifadəsində iştirak edəcək.
"Onlar aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə, avtomobil sənayesi, elm, tədqiqat və texnologiyalar, qaz sənayesi kompleksi, kimya və neft-kimya sənayesi, tikiş və tekstil sənayesi, emal sənayesi, dağ-mədən və metallurgiya sənayesi, nəqliyyat, mənzil tikintisi, ticarət, sahibkarlığın inkişafı, enerji kompleksi, infrastrukturun inkişafı, informasiya texnologiyaları, turizm kimi sahələrdə iştirak edəcək", - deyə nazirlikdən bildiriblər.
Xatırladaq ki, Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş"i Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev imzalayıb. (Trend)