Azərbaycan-Qırğız İnkişaf Fondunun ilk iclasında funksional fəaliyyətə başlama istiqamətində müzakirələr aparılıb.
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş"in dövlət başçısı cənab İlham Əliyevin ötən ilin oktyabr ayında Qırğızıstana dövlət səfəri çərçivəsində imzalandığını xatırladıb və bu Sazişin qüvvəyə minməsi üzrə hər iki tərəfdən dövlətdaxili prosedurların başa çatdırıldığını bildirib.
İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılan Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatıracaq. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verəcək.
Tədbirdə Fondun maliyyə alətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu, kredit, qrant, investisiya, payın alınması kimi alətlər olacaq və alətlərin proporsionallığı müəyyənləşdiriləcək. İclasda Şuranın üzvləri Fondun fəaliyyətinin təşkili üçün həll edilməli olan məsələlərə dair zəruri çərçivəni nəzərdə tutan Yol Xəritəsinin hazırlanması, eləcə də maliyyələşmə, kreditin verilmə proseduru, layihələr üzrə meyarların müəyyən edilməsi və s. məsələlər ətrafında müzakirələr aparıblar.
Qeyd: Mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 mln. ABŞ dolları təşkil edir.