Bu ilin mart-aprel aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərraca keçirməyib.
AMB: 4 ayda nağd xarici valyutanın alışı satışını 190 milyon dollar üstələyib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Buna səbəb valyuta bazarında təklifin tələbi üstələməsidir. Odur ki, biz apreldə bazara 1 milyard ABŞ dolları məbləğində alışyönümlü müdaxilə etdik. Biz dedollarlaşma proseslərinin davamını müşahidə edirik. Mart ayının nəticələrinə əsasən dollarlaşma səviyyəsi rezident fiziki şəxslərin əmanətlərində 37-38 %-ə düşüb. Bu isə ilin əvvəlinə nisbətən 2,1 faiz bəndi azalma deməkdir. Ümumiyyətlə həm nağd bazarda, həm qeyri-nağd valyuta bazarında biz əhalinin manata inamının artmasını, gözləntilərin sabit olmasını müşahidə edirik. Çox güman ki, yaxın 2-3 ayda bazarda vəziyyət dəyişməyəcək. Hətta ilin sonuna doğru növbəti alışyönlü müdaxiləmiz ola bilər",- deyə o qeyd edib.
"Valyuta hərraclarının keçirilməməsi o demək deyil ki, bazarda tələb yoxdur. Tələb var, amma banklar bir-birindən valyuta almaqla tələbi ödəyir. Yəni ay ərzində banklararası valyuta bazarında 15-20 dənə əqd bağlanılır. Əqdlərin dəyəri milyardlarla manat da olmasa, on milyonlarla manatdır", - deyə T.Kazımov əlavə edib.













