Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, innovativ ödəniş alətlərindən istifadə edərək daha rahat, sürətli və təhlükəsiz ödəniş imkanlarının artırılması, rəqəmsal ödəniş vərdişlərinin yaradılması və iqtisadiyyatda nağdsız dövriyyənin yüksəldilməsi məqsədilə beynəlxalq kart təşkilatları ilə effektiv əməkdaşlıq çərçivəsi formalaşdırıb.
Eləcə də bax: Mərkəzi Bankın sədri Dünya Bankının vitse-prezidentilə - Görüşüb
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu sahədə aparılan işlər çərçivəsində, AMB və "Mastercard" beynəlxalq kart təşkilatı arasında növbəti strateji dövrdə ölkə üzrə rəqəmsal ödənişlərin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Ötən illərdə AMB-nin strateji tərəfdaşı qismində çıxış etmiş "Mastercard" təşkilatı ilə birlikdə “Nağdsız Azərbaycan” layihəsi reallaşdırılıb, habelə “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bir sıra uğurlu layihələrə imza atılıb. Qarşılıqlı əməkdaşlıq çərçivəsində aidiyyəti qurumların dəstəyi ilə ölkədə ilk dəfə təhsil sahəsində multifunksiyalı “Smart təhsil kartı”, nəqliyyat sahəsində pilot seçilmiş şəhərlərdə sərnişindaşımada gediş haqlarının təmassız kartlarla ödənilməsi kimi layihələr icra edilib, nağdsız ödənişlərdən istifadənin stimullaşdırılması məqsədilə çoxsaylı kampaniyalar təşkil olunub, rəqəmsal ödənişlər barədə ictimai məlumatlılığın artırılması üzrə silsilə tədbirlər həyata keçirilib.
Rəqəmsal ödənişlərin davamlı inkişafı üçün imzalanmış yeni strateji anlaşma texnoloji innovasiyalardan istifadə etməklə maliyyə inklüzivliyinin genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün innovativ ödəniş alətlərinin tətbiqinin dəstəklənməsi, nağdsız ödənişlərə inamın artırılması üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlərin təşkili, kiber təhlükəsizlik, süni intellekt və ən son texnoloji trendlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlığın davam etdirilməsini ehtiva edir.
AMB ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini daima diqqət mərkəzində saxlayır.