Azərbaycan Mərkəzi Bankı (AMB) "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası 3 layihəsi” çərçivəsində Dünya Bankı Qrupu ilə birgə hazırlanmış “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi”ni təsdiqləyib.
Mərkəzi Bank “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” sənədi - TƏSDİQ EDİB
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Yol Xəritəsi nəzarət texnologiyalarının (“SupTech”) inkişafı üçün strateji çərçivə müəyyən edir, 2024-2029-cu illər üzrə bu istiqamətdə planlaşdırılmış layihə və təşəbbüslər portfelini əhatə edir. Həmçinin sənəd “SupTech”in tətbiqinin potensial töhfələrini də özündə kompleks şəkildə cəmləyir.
“SupTech” risk əsaslı nəzarət məqsədləri üçün texnologiya və dataların istifadəsi ilə bağlı gələcək perspektivləri müəyyən etməyi hədəfləyir. “SupTech” alətlərinin tətbiqi nəzarət proseslərinin səmərəliliyini artırmağa, maliyyə institutlarının hesabatlılığının keyfiyyətini və tənzimləyici tələblərə riayət etmə səviyyəsini yüksəltməyə, nəticədə potensial olaraq maliyyə sisteminin dayanıqlılığını gücləndirməyə xidmət edir. Eyni zamanda “SupTech” Mərkəzi Bankın nəzarət sahəsindəki əsas strateji məqsədi olan risk əsaslı nəzarət yanaşmasının “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun surətdə tətbiqinə nail olmaq üçün əsas dəstəkləyici amil rolunu oynayacaq.
Yol Xəritəsinin icrası həm də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin təkmilləşdirilməsi və nəzarət informasiya sisteminin tətbiqi hədəflərinə nail olunmasına dəstək verəcək.
Yol Xəritəsinin qısa icmalı ilə bu linkdən tanış olmaq mümkündür.