“Azərbaycan Kredit Bürosu” MMC (AKB) ISO/IEC 22301:2019 – Biznesin Davamlılığının İdarə Edilməsi Sistemi üzrə beynəlxalq sertifikata layiq görülmüşdür.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sözügedən sertifikat AKB-nin fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi, fövqəladə və böhran vəziyyətlərinə hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində formalaşdırılmış idarəetmə yanaşmasının beynəlxalq standartlara tam uyğunluğunu təsdiq edir.
Sertifikasiya prosesi Beynəlxalq Akkreditasiya Xidmətində (IAS) akkreditasiyadan keçmiş və beynəlxalq nüfuza malik CFECERT şirkəti tərəfindən həyata keçirilmişdir. Qiymətləndirmə çərçivəsində AKB-nin biznesin davamlılığı üzrə idarəetmə modeli, fövqəladə hallara və böhran ssenarilərinə hazırlıq səviyyəsi, kritik proseslərin müəyyən edilməsi, fasiləsiz fəaliyyətin təmin olunması mexanizmləri, risklərin qiymətləndirilməsi və bərpa planları ISO/IEC 22301:2019 beynəlxalq standartının tələblərinə uyğun olaraq hərtərəfli audit edilmişdir.
Auditin nəticələrinə əsasən, AKB-nin sahib olduğu informasiya sistemlərinin və əsas xidmətlərin fasiləsizliyini təmin etmək məqsədilə effektiv, sistemli və dayanıqlı idarəetmə mexanizmlərinə malik olduğu təsdiqlənmişdir.
ISO/IEC 22301:2019 sertifikatının əldə edilməsi AKB-nin fəaliyyətində davamlılıq və dayanıqlılığın institusional səviyyədə təmin edilməsinə, risklərin isə qabaqlayıcı və sistemli şəkildə idarə olunmasına verdiyi strateji önəmin göstəricisidir. Sözügedən sertifikat AKB-nin informasiya texnologiyaları infrastrukturu, əsas informasiya sistemləri və təqdim etdiyi xidmətlərin müxtəlif fövqəladə və böhran şəraitlərində belə fasiləsiz, etibarlı və idarəolunan şəkildə fəaliyyətini davam etdirməsi üçün müvafiq hüquqi, təşkilati və texniki mexanizmlərin formalaşdırıldığını rəsmi olaraq təsdiqləyir.
AKB hazırda 280-dən artıq təşkilatla əməkdaşlıq edərək fiziki və hüquqi şəxslərə dair məlumatları toplayır, təhlil edir və məlumat istifadəçilərinə risklərin qiymətləndirilməsi, müştəri davranışlarının monitorinqi və kredit portfellərinin effektiv idarə olunması üçün müasir analitik həllər təqdim edir.
AKB tərəfindən yaradılmış Findoc rəqəmsal portalı (https://findoc.az/) vasitəsilə fiziki və hüquqi şəxslərə, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə özləri barədə AKB-də toplanmış məlumatlara 7/24 real vaxt rejimində çıxış imkanı təqdim edilir. Portal üzərindən istifadəçilər rəqəmsal kredit tarixçəsi və skor hesabatları ilə yanaşı, cərimələr, məhkəmə işləri, icra və probasiya öhdəlikləri, notarial borc müqavilələri üzrə məlumatları əldə edə, yanlış məlumatlarla bağlı elektron müraciət göndərə, kredit hesabatlarını PDF və elektron imzalı formada yükləyə, həmçinin kredit və skor dəyişiklikləri üzrə bildirişlər ala bilirlər.












