Azərbaycan Kredit Bürosunun (AKB) Baş direktoru Elçin Həbibov Çin Xalq Respublikasının aparıcı kredit bürolarından biri olan Pudao Kredit Bürosunun (PKB) Baş İcraçı Direktoru cənab Jin Bo və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüş Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Çin Xalq Respublikasının banklarına səfər çərçivəsində paytaxt Pekin şəhərində baş tutmuşdur.
Görüş çərçivəsində PKB tərəfindən şirkətin məhsul və xidmət portfeli, o cümlədən alternativ hesabat, risk qiymətləndirmə alətləri və digər xidmətləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, PKB-nin bazar mövqeyi, eləcə də geniş tərəfdaş şəbəkəsi – maliyyə institutları, fintech şirkətləri və digər maliyyə bazarı iştirakçıları ilə əməkdaşlıq modeli təqdim edilmişdir.
Bununla yanaşı, şirkət tərəfindən təqdim olunan skorinq sistemlərinin xüsusiyyətləri, böyük həcmli məlumatların emalı, alternativ məlumat mənbələrinin istifadəsi və süni intellekt əsaslı modellər vasitəsilə risk qiymətləndirilməsi mexanizmləri iştirakçıların diqqətinə çatdırılmışdır.
Əlavə olaraq, AKB tərəfindən də Azərbaycanda bank sisteminin rəqəmsal inkişafının dəstəklənməsi çərçivəsində təqdimat, habelə analitik həllər və skorinq sistemi - FinScore, analitik hesabatlıq modulu - FinVision, vətəndaşların kredit tarixçəsini əldə edə bildiyi rəqəmsal platforma - Findoc və digər innovativ xidmətlər və rəqəmsal transformasiya üzrə AKB-nin strateji baxışı diqqətə çatdırılmışdır.
Görüş tərəflər arasında strateji baxış, inkişaf prioritetləri və fəaliyyət istiqamətlərinin müzakirə olunması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Müzakirələr zamanı kredit məlumatları infrastrukturu, məlumat ekosistemlərinin inkişafı, analitik yanaşmalar, eləcə də kredit hesabatlığı sistemində müasir texnologiyaların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə edilmiş, regional səviyyədə əlaqələrin inkişaf etdirilməsi və gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunmuşdur.





![Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2263887.jpeg)
![Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1096685.jpeg)
![Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1337882.jpeg)
![Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/604107.jpeg)








