Fevralın 28-də Maliyyə Nazirliyində Dünya Bankının ölkəmizin də daxil olduğu seçki qrupu üzrə yeni təyin olunmuş İcraçı direktoru xanım Beatris Meyzer ilə görüş keçirilib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, maliyyə naziri Sahil Babayev bildirib ki, Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlıqdan razıdır və əlaqələrin genişlənməsində maraqlıdır.
Nazir xatırladıb ki, Azərbaycan uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdan faydalanıb, Dünya Bankının müxtəlif sahələr üzrə maliyyə ayırdığı layihələr, göstərilən texniki yardımlar ölkəmizin sosial iqtisadi inkişafına böyük töhfə verib.
Görüşdə Azərbaycanla Bank arasında Azərbaycan üçün prioritet sahələr üzrə müəyyən olunmuş istiqamətlərdə hazırda davam edən və icrasına başlanılacaq yeni layihələr nəzərdən keçirilib.
S.Babayev xanım Beatris Meyzeri yeni təyinatı münasibətilə təbrik edərək fəaliyyətində ona uğurlar arzulayıb, əvvəlki İcraçı direktorlar kimi Bankla Azərbaycan arasında tərəfdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.