Yanvarın 19-da maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb.
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, Bankın ölkəmizdə icra etdiyi cari və gələcək proqramlar, xüsusilə su və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir və bu əməkdaşlıq çərçivəsində Bank tərəfindən maliyyələşdirilən layihələr və göstərilən texniki dəstək ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
Kənd təsərrüfatı və suvarma sahəsində prioritet məsələlərə toxunan nazir “Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” layihəsi çərçivəsində məhsuldarlığın və dayanıqlılığın artırılmasının, eləcə də müxtəlif dəyər zəncirlərində rəqabət qabiliyyətinin gücləndirilməsinin əsas məqsəd kimi müəyyən edildiyini qeyd edib. Bildirilib ki, layihə irriqasiya sistemlərinin təkmilləşdirilməsini, iqlimə uyğun və bazar yönümlü texnologiyaların tətbiqini, kənd təsərrüfatı təcrübələrinin modernləşdirilməsini və sektorun davamlı inkişafına xidmət edən əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Öz növbələrində Dünya Bankının nümayəndələri Azərbaycanda həyata keçirilən islahatları və son illərdə əldə olunan sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirərək, Bankın ölkəmizlə tərəfdaşlığının gələcək dövrdə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Qeyd olunub ki, xüsusilə su və kənd təsərrüfatı sahələrində icra olunan və planlaşdırılan layihələr dayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqla yanaşı, iqlim dəyişikliklərinə adaptasiya və kənd ərazilərində rifahın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüş zamanı nəqliyyat, logistika və yol infrastrukturu sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub. Tərəflər bu istiqamətlər üzrə potensial layihələrin icrası, regional inteqrasiya perspektivləri və dayanıqlı infrastrukturun inkişaf etdirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.












