11 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Eləcə də bax: Azərbaycanda sərgiyə ödənilən pulların bir hissəsi Qarabağ Dirçəliş Fonduna çatacaq
FED.az xəbər verir ki, memorandumu Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsini, eyni zamanda mümkün olduğu halda bankların xidmət şəbəkəsi, məhsulları və digər resurslarının səfərbər olunması vasitəsi ilə QDF-ə köçürülən ianələrin artımını təşviq etməkdir.
Razılaşmaya əsasən, yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün Memorandumda QDF və ABA-nın üzvləri arasında əməkdaşlıq mühitinin və kommunikasiyasının yaradılması, mövcud işçi qruplarının təlimatlandırılması ilə yanaşı ehtiyac olduğu təqdirdə yeni işçi qruplarının yaradılması, QDF-in işçi qruplarının iclaslarında iştirakının təmin edilməsi, Fond tərəfindən təqdim edilən layihələrin ABA üzvlərinə kommunikasiya edilməsinin təşkili, maliyyələşdirilməsi imkanlarının təhlili və araşdırılması kimi məsələlər öz əksini tapıb.
Bu əməkdaşlıq eyni zamanda işğaldan azad edilən ərazilərə qayıdacaq vətəndaşlarımızın güzəştli bank xidmətləri, eyni zamanda həmin ərazilərdə fəaliyyət göstərəcək şirkətlərin güzəştli bank xidmətləri ilə təmin edilməsi imkanlarının araşdırılması kimi əhəmiyyətli mövzuları da əhatə edir.
Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.