Azərbaycan hökuməti 2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxılması zaman müdafiə xərclərini artıracaq.
Prezident İlham Əliyev xalqa - MÜRACİƏT ETDİ - TAM MƏTN
FED.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev deyib.
“Əlbəttə, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk. İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə üçün? Çünki biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq”, - deyə dövlət başçısı bu gün Azərbaycan xalqına müraciətində söyləyib.
O qeyd edib ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır.
“Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir”, - deyə prezident vurğulayıb.
Xəbər verildiyi kimi, 2023-cü il dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi xərcləri 5,3 milyard manat məbləğində (cari məzənnə ilə $3,1 milyarddan çox) nəzərdə tutulub ki, bu da dövlət büdcəsi xərclərinin 16%-ni təşkil edir.