"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azəralüminium” MMC 2019-cu ili 2,222 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ili 234 min manat zərərlə çıxmışdı.
FED.az xəbər verir ki, 2019-cu ildə “Azəralüminium”un əsas əməliyyat gəlirləri 203,197 milyon manat (2018-ci illə müqayisədə 10,7 dəfə çox), satışının maya dəyəri 179,812 milyon manat (11 dəfə çox), sair əməliyyat gəlirləri 4,22 milyon manat (4,9% az), sair əməliyyat xərcləri 2,156 milyon manat (2018-ci ildə olmayıb), kommersiya xərcləri 5,406 milyon manat (10,9 dəfə çox), inzibati xərcləri 15,45 milyon manat (2,3 dəfə çox), maliyyə zərəri 1,643 milyon manat (264,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 728 min manat (2018-ci ildə olmayıb) təşkil edib.
2020-ci il yanvarın 1-nə “Azəralüminium”un aktivləri 339,527 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 21,9% azalaraq 55,295 milyon manata düşüb, balans kapitalı isə 0,8% artaraq 284,232 mlilyon manataş, o cümlədən nizamnamə kapitalı cüzi artaraq 282,244 milyon manata çatıb.
Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir (Report).