Rusiyadan ölkəmizə pul köçürmələrin həcmində azalma müşahidə olunur. Bu azalmanın davam etməsi manatın stabilliyinə və daxili istehlaka orta müddətdə necə təsir göstərə bilər?
AMB sədri Rusiya ilə gərginliyin pul köçürmələrinə təsiri haqqında danışdı
FED.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanda pul köçürmələrinin tənzimlənməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi müşahidə olunur. Bununla bağlı Nazirlər Kabinetində də xüsusi tapşırıqlar verilib və müzakirələr aparılıb. Söhbət yalnız Rusiyadan deyil, Azərbaycandan köçürülən və Azərbaycana daxil olan pul köçürmələri ilə bağlı nəzarətin gücləndirilməsindən gedir.
Deputat qeyd edib ki, Rusiya ilə pul köçürmələrinin həcminin azalması bir tərəfdən bu ölkədə yaşayan azərbaycanlıların Azərbaycana göndərdiyi vəsaitlərin həcminin azalması ilə bağlıdır. Digər tərəfdən isə Rusiyada sanksiyalardan sonra müşahidə edilən iqtisadi vəziyyət də bu prosesə təsir göstərir.
“Belə ki, sanksiyalar nəticəsində Rusiya banklarının fəaliyyətində yaranan çətinliklər bu ölkədən pul köçürmələrini kifayət qədər mürəkkəbləşdirib. Bu isə təbii olaraq pul köçürmələrinin həcminə təsir edir. Pul köçürmələri ilə bağlı statistik göstəricilər əsasən banklar vasitəsilə həyata keçirilən transferləri əhatə edir və sanksiyalar birbaşa olaraq bu göstəricilərə təsir göstərir. Bununla belə, bu prosesin makroiqtisadi stabilliyə təsiri yoxdur. Çünki Azərbaycanın tədiyə balansı və ixrac həcmi kifayət qədər böyükdür. Nəzərə alsaq ki, ölkənin illik ixracı təxminən 40 milyard dollar civarındadır, Rusiya ilə pul köçürmələrinin azalmasının makroiqtisadi sabitliyə hər hansı ciddi təsiri müşahidə edilmir”, - deyə Vüqar Bayramov qeyd edib.
Deputat əlavə edib ki, manatın məzənnəsi birbaşa tədiyə balansının vəziyyətindən və tədiyə balansındakı müsbət saldodan asılıdır: “Bu müsbət saldo əsasında Mərkəzi Bank müvafiq qərarlar qəbul edir. İstehlaka təsir imkanları isə məhduddur. Çünki ümumi pərakəndə ticarət dövriyyəsində Rusiyadan daxil olan pul köçürmələrinin payı yüksək deyil. Bu səbəbdən azalmaya baxmayaraq, ölkə daxilində istehlaka təsirin cüzi olduğu qeyd edilir. Pul köçürmələri ilə bağlı əsas məqamlardan biri xarici ticarət əlaqələrində şəffaflığın gücləndirilməsidir. Eyni zamanda, bu proses birbaşa olaraq həmin ölkələrdə yaşayan və pul göndərən şəxslərin maliyyə imkanlarından asılıdır. Bu baxımdan, mövcud azalmalar Azərbaycanın iqtisadiyyatına hər hansı neqativ təsir göstərmir”. (Azərtac)










