Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqı (Aİ) və Türkiyə tərəfindən maliyyələşdirilən Azərbaycan maliyyə institutlarının potensialının artırılmasına dəstək proqramı başa çatıb.
Eləcə də bax: Avropa Bankı Azərbaycanda iki şirkətə – 4 Milyon Dollar Kredit Ayırıb
FED.az xəbər verir ki, bu barədə AYİB-dən bildirilib. Məlumata görə, bu proqram yerli maliyyə sisteminin dayanıqlığını gücləndirmək və yerli mikro, kiçik və orta sahibkarlıq (MSME) üçün kreditləşməni təşviq etmək məqsədi daşıyır.
Bildirilib ki, 2019-cu ildən 2022-ci ilə qədər davam edən bu layihəyə dörd maliyyə institutu, "Bank Respublika", "Unibank", "TuranBank" və "MuğanBank" qoşulub.
Layihə iki əsas sütunu əhatə edib.
Birinci sütun strategiyanın gücləndirilməsi və biznes planlaması, risklərin idarə edilməsi, İT, uyğunluq və qeyri-işlək kreditlərin həllinə yönəlib. Texniki-iqtisadi əsaslandırmalar inkişaf ehtiyaclarını müəyyən etmiş və bankların hər biri ilə sıx məsləhətləşmələr əsasında fəaliyyət planları hazırlanıb.
İkinci sütun ayrı-ayrı banklar üçün kredit əməliyyatları, marketinq strategiyaları, işçilərin təlimi və monitorinq və bərpa bölmələrinin yaradılması yolu ilə KOB-ların maliyyə imkanlarının genişləndirilməsinə yönəlib.
Qeyd edək ki, Proqram daha öncə 2015-ci il böhranının nəticələrinə cavab olaraq hazırlanıb. Lakin Covid-19 epidemiyasının həm Azərbaycanda, həm də qlobal iqtisadiyyatlarda səbəb olduğu çoxsaylı iqtisadi şoklar bu müdaxiləni daha da aktual edib.
“Dayanıqlı maliyyə sistemi müxtəlif böhranlara ən effektiv cavab vermək və kiçik şirkətlərin maliyyəyə çıxışını artırmaqla iqtisadiyyatın daha güclü artımını dəstəkləmək üçün çevikliyə malikdir. Bu gün biz müdaxiləmizin nəzərə çarpacaq nəticələrinin şahidi oluruq. Mən tərəfdaşlarımızı, yerli banklarımızı bu uğur münasibəti ilə təbrik etmək istəyirəm və uzunmüddətli donorlarımıza, Aİ-yə və Türkiyəyə davamlı dəstəyə görə təşəkkür etmək istəyirəm”, - deyə AYİB-in Azərbaycan üzrə rəhbəri Kamola Makhmudova bildirib. (Apa)