Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində bərk məşət tullantılarının toplanması infrastrukturunun modernləşdirilməsi üçün Azərbaycana 10 milyon avro kreditin ayrılmasını təsdiq edib.
Eləcə də bax: Aİ və Dünya Bankı Azərbaycanla bağlı saziş - İMZALAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Bankın saytında dərc olunmuş məlumata görə, layihənin həyata keçirilməsi üçün kreditin ayrılması 2022-ci il fevralın 8-də təsdiq edilib.
Bank layihə çərçivəsində Gəncə şəhərində bərk məşət tullantılarının toplanması infrastrukturunun (tullantıların yığılması, küçə təmizlənməsi) yenilənməsinə və birliyin əməliyyat və maliyyə səmərəliliyinin artırılmasına dəstək verəcək.
AYİB-in qiymətləndirmələrinə görə, layihə xidmətlərin əhatə dairəsi və sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması standartlarına riayət olunması baxımından tullantıların toplanması xidmətinin yaxşılaşdırılmasına imkan verəcək.
Layihənin ümumi dəyəri 10 milyon avro təşkil edir.
Borcalan qismində Maliyyə Nazirliyi çıxış edir, benefisiar isə “Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyidir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 180 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avroya yaxın vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 34 layihə daxildir və onların həyata keçirilməsinə 805 milyon avro ayrılıb.