Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 240 MVt gücündə Külək Elektrik Stansiyasının tikintisinə $105 milyon məbləğində kredit ayıracaq.
Eləcə də bax: Avropa Bankı Gəncənin işıqlandırılması üçün ayırdığı krediti - TƏSDİQ EDİB
FED.az xəbər verir ki, “Kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə yaradılmış “ACWA Power Azerbaijan Renewable Energy Limited Liability Company” çıxış edəcək. AYİB-in Direktorlar Şurasının iyulun 20-də keçiriləcək iclasında kredit ayrılmasının təsdiq edilməsi planlaşdırılır”, - deyə bankdan bildirilib.
Layihənin ümumi dəyəri $300 milyon təşkil edir.
240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il yanvarın 13-də keçirilib.
Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin investoru Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Layihə 2 il ərzində reallaşdırılacaq.
Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,544 milyard avro vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 34 layihə daxildir və onların həyata keçirilməsinə 842 milyon avro ayrılıb (2022-ci il aprelin 30-na olan vəziyyətə görə). (İnterfaks-Azərbaycan)