Azərbaycanın fiskal və xarici dayanıqlılığı güclü olaraq qalır.
FED.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD)Azərbaycanın iqtisadi göstəricilərinə dair proqnozunda bildirilib.
Hesabata görə, 2025-ci ilin ilk yarısında dövlət büdcəsi ÜDM-in 4,4 faizi həcmində profisitlə icra olunub. Xarici valyuta ehtiyatları, o cümlədən Dövlət Neft Fondunun aktivləri 78,8 milyard ABŞ dollarına çataraq üç ildən çox idxalı qarşılamağa imkan verib. Bu şəraitdə beynəlxalq reytinq agentliyi “Moody’s” 2025-ci ilin iyununda Azərbaycanın suveren reytinqini “Baa3” səviyyəsinə qaldırıb.
AYİB bildirir ki, 2025-ci ilin ilk səkkiz ayında inflyasiya 5,6 faizə yüksəlib. Buna baxmayaraq, Mərkəzi Bank iyulda uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7 faizə endirib. 2023-cü ilin sonundan bəri ümumilikdə 200 baza bəndi yumşaldılma həyata keçirilib.
Bankın proqnozuna görə, Azərbaycanın real ÜDM-i 2025-ci ildə 2 faiz, 2026-cı ildə isə 2,5 faiz artacaq. Enerji qiymətlərində dəyişkənlik və regional geosiyasi risklər əsas təhlükələr olaraq qalır. Eyni zamanda, Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, Orta Dəhlizin inkişafı və ABŞ-ın dəstəklədiyi sülh ölkəyə yeni imkanlar aça bilər. (Apa)